Piylənmə ilə bağlı cəmiyyətdə yayılan bir çox yanlış fikirlər insanların sağlamlığına ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu problemin sadəcə xarici görünüşlə əlaqəli olduğu düşüncəsi böyük yanılmadır və xəstəliyin nəticələri daha ciddi ola bilər.
Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, nutrisioloq Yekaterina Stasyuk piylənmənin yalnız kosmetik problem olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu xəstəlik 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, dayaq-hərəkət sistemi problemləri, bəzi xərçəng növləri, yuxu apnesi və sonsuzluq kimi ağır fəsadlara səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, piylənmə ilə bağlı ən geniş yayılmış miflərdən biri də bu problemin yalnız pəhriz və idman vasitəsilə aradan qaldırıla biləcəyi fikridir. Onun sözlərinə görə, bəzi insanlar özlərini ağır məşqlərlə yükləyir və qida rasionunu kəskin şəkildə azaldırlar, nəticədə çəki müvəqqəti azalır, lakin qısa müddət sonra yenidən artır.
Dietoloq vurğulayıb ki, piylənmənin effektiv müalicəsi kompleks yanaşma tələb edir. Bu prosesdə psixoloq, endokrinoloq, qastroenteroloq və terapevtlərin iştirakı vacibdir, bəzi hallarda isə cərrahi müdaxilə də lazım ola bilər. Buna görə də mütəxəssislər belə problemlə qarşılaşan insanlara özbaşına müalicə əvəzinə həkimə müraciət etməyi tövsiyə edirlər.






