Həll olunan qəhvə illərdir müxtəlif miflərlə əhatə olunub. Bəziləri onun tərkibində kofein olmadığını, digərləri isə sağlamlıq üçün təhlükəli olduğunu iddia edir. Alimlər isə bu fikirlərin nə dərəcədə doğru olduğunu izah ediblər.

Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, mütəxəssislər həll olunan qəhvədə kofeinin olmadığını deyənlərin yanıldığını bildiriblər. Əslində, bir fincan (təxminən 150 ml) həll olunan qəhvədə 60–65 mq kofein olur. Bu, espresso və filtr qəhvədən az olsa da, tamamilə yox deyil.

Digər geniş yayılmış fikir isə bu qəhvənin “kimyəvi maddələrdən və tullantılardan hazırlandığı” iddiasıdır. Halbuki istehsal prosesi qovrulmuş qəhvə dənələrinin üyüdülməsi, dəmlənməsi və ekstraktın qurudulması mərhələlərindən ibarətdir. Xüsusilə dondurularaq qurudulma üsulu (sublimasiya) məhsulun keyfiyyətini qorumağa imkan verir.

Mütəxəssislər qeyd edir ki, həll olunan qəhvə mədə üçün daha zərərli deyil, əksinə, onun turşuluğu daha aşağıdır. Bu səbəbdən həssas mədəsi olan insanlar tərəfindən daha rahat qəbul edilə bilər. Lakin istənilən halda qəhvəni acqarına içmək tövsiyə olunmur.

Qəhvənin xərçəng yaratması ilə bağlı iddialara da aydınlıq gətirilib. Bildirilib ki, tərkibdə müəyyən maddələr olsa da, onların təhlükəli həddə çatması üçün çox yüksək miqdarda qəhvə qəbul etmək lazımdır. Əksinə, normada qəhvə istehlakının bəzi xərçəng növlərinin riskini azaltdığı da qeyd olunur.

Eyni zamanda, həll olunan qəhvənin “faydasız” olması barədə fikirlər də doğru deyil. Onun tərkibində antioksidantlar – fenol birləşmələri və flavonoidlər mövcuddur ki, bunlar hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.