Gündə yalnız bir dəfə yemək bəzi hallarda ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür qidalanma rejimi orqanizm üçün düşündüyünüz qədər faydalı deyil və riskləri kifayət qədər böyükdür.
Foodinfo.az Championat saytına istinadla xəbər verir ki, qastroenteroloq Vladimir Loginov bildirib ki, nadir, lakin çox miqdarda qida qəbulu qısa müddətdə mədəyə güclü yük yaradır. Bu isə mədənin həddindən artıq genişlənməsinə, turşuluğun artmasına və reflüks riskinin yüksəlməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, belə qidalanma öd kisəsinin fəaliyyətinə də mənfi təsir edir. Nadir qidalanma zamanı öd kisəsi kifayət qədər yığılmır, nəticədə öd durğunluğu yaranır və bu da daş əmələ gəlməsi riskini artırır. Bundan əlavə, gün ərzində uzun müddət ac qalmaq halsızlıq, titrəmə kimi hipoglikemiya əlamətlərinə, yeməkdən sonra isə qanda şəkərin kəskin yüksəlməsinə gətirib çıxara bilər.
Uzun müddət bu rejimə riayət edən şəxslərdə zülal, B12 və D vitaminləri, eləcə də dəmir çatışmazlığı yaranma ehtimalı yüksəlir. Mütəxəssis qeyd edir ki, yalnız artıq çəkisi olan və mədə-bağırsaq problemi olmayan insanlar bu üsulu həftədə 1-2 dəfə sınaqdan keçirə bilər. Lakin davamlı olaraq gündə bir dəfə qidalanmaq tövsiyə edilmir.






