Kombuça kimi tanınan çay göbələyi əsasında hazırlanan içki son illərdə sağlam həyat tərzini dəstəkləyənlər arasında getdikcə daha çox populyarlıq qazanır. Foodinfo.az mediasole saytına istinadla xəbər verir ki, bu içki orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malik olmaqla yanaşı, düzgün istifadə edildikdə sağlamlığa müsbət təsir göstərir.

Kombuça qara və ya yaşıl çay, şəkər və xüsusi bakteriya-maya mədəniyyəti əsasında hazırlanır. Fermentasiya prosesi nəticəsində içki vitaminlər, amin turşuları və bioloji aktiv maddələrlə zənginləşir. Bu maddələr həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını dəstəkləyir və orqanizmin ümumi tonusunu artırır.

Mütəxəssislər bildirirlər ki, kombuça tərkibindəki antioksidantlar sayəsində ürək-damar sağlamlığını qorumağa kömək edir, qanda şəkər və xolesterin səviyyəsinin tənzimlənməsinə dəstək verir. Bundan əlavə, B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsində, enerji mübadiləsinin yaxşılaşmasında və əzələ inkişafında mühüm rol oynayır.

Bu içki həmçinin kosmetik baxımdan da faydalı hesab olunur. Onun tərkibindəki təbii turşular dərinin elastikliyini artırmağa, saçların daha sağlam və parlaq görünməsinə kömək edə bilər. Bəzi hallarda kombuça dəriyə qulluq vasitəsi kimi maskalara əlavə olunur və ya saç yaxalayıcı kimi istifadə edilir.

Bununla belə, mütəxəssislər kombuçanın düzgün hazırlanmasının və saxlanmasının vacibliyini vurğulayırlar. Keyfiyyətsiz və ya düzgün fermentasiya olunmayan məhsul arzuolunmaz təsirlər yarada bilər. Bu səbəbdən içkinin gigiyenik şəraitdə hazırlanması və normada qəbul edilməsi tövsiyə olunur.

Sağlamlıq baxımından hər hansı əks göstərişi olmayan şəxslər üçün kombuça gündəlik rasiona əlavə edilə biləcək faydalı içkilərdən biri hesab olunur. Gündə təxminən 100–120 millilitr həcmində istifadə edilməsi optimal sayılır və bu zaman içkinin çox turş olmamasına diqqət yetirilməlidir.