Revmatik xəstəliklər zamanı düzgün qidalanma müalicənin vacib hissələrindən biri hesab olunur. Bu tip xəstəliklərdə immun sisteminin pozulması nəticəsində birləşdirici toxumalar zədələnir. Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər qidalanmanın iltihab prosesinə və xəstəliyin gedişinə təsir göstərə biləcəyini bildirirlər.

Həkimlər qeyd edir ki, artıq çəkinin azaldılması xəstəliyin aktivliyini aşağı sala bilər. Eyni zamanda, qidalanmada qlütenin tamamilə kəsilməsi tövsiyə olunmur, çünki bu, ürək-damar xəstəlikləri riskinə təsir göstərə bilər. Aclıq və ət məhsullarından tam imtina da effektiv hesab edilmir.

Süd məhsullarının rasiondan çıxarılması düzgün yanaşma deyil. Bu qidalar kalsium mənbəyi olduğu üçün sümüklərin möhkəmliyi baxımından vacibdir. Xüsusilə turş süd məhsulları daha yaxşı mənimsənilir və faydalı sayılır.

Mütəxəssislər omeqa-3 yağ turşularının qəbulunu da tövsiyə edir. Balıq yağı revmatik xəstəliklərin simptomlarını yüngülləşdirə bilər. Aralıq dənizi pəhrizi də həm oynaq ağrılarını azaltmağa, həm də ürək-damar risklərini aşağı salmağa kömək edir.

Bununla yanaşı, vitamin və probiotiklərin bu xəstəliklərə təsiri ilə bağlı kifayət qədər sübut yoxdur. Əvəzində isə sarıkök, darçın, sarımsaq və zəncəfil kimi ədviyyələrin iltihabəleyhinə təsiri faydalı ola bilər.

Həkimlər vurğulayır ki, düzgün qidalanma dərman müalicəsini əvəz etmir, lakin onu effektiv şəkildə tamamlayaraq xəstəliyin idarə olunmasına kömək edir.