Balanslı qidalanma sağlam həyatın əsas sütunlarından biri hesab olunur və bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Foodinfo.az 1001sovet saytına istinadla xəbər verir ki, gündəlik qidalanma vərdişlərində kiçik dəyişikliklər belə ümumi sağlamlığa böyük müsbət təsir göstərə bilər.

Mütəxəssislər ilk növbədə yalnız həqiqi aclıq hiss etdikdə qida qəbul etməyi tövsiyə edirlər. Bu yanaşma artıq yeməyin qarşısını alır və orqanizmin ehtiyaclarına uyğun qidalanmağa imkan yaradır. Eyni zamanda, yeməyi tələsmədən və hər tikədən zövq alaraq yemək həzm prosesini yaxşılaşdırır.

Qida qəbulu zamanı diqqətin yalnız yeməyə yönəldilməsi də vacibdir. Yemək yeyərkən telefon və digər cihazlardan uzaq durmaq, bu prosesi daha şüurlu və faydalı edir. Bundan əlavə, insan özünü tam doymuş deyil, yüngül tox hiss etdikdə yeməyi dayandırmalıdır.

Mütəxəssislər mürəkkəb karbohidratların qidalanmada mühüm yer tutduğunu vurğulayırlar. Tam taxıllı məhsullar, bərk buğda makaronları və işlənməmiş düyü orqanizm üçün daha faydalı hesab olunur. Bununla yanaşı, qidalanmanın emosional vəziyyətlə əlaqələndirilməməsi və insanın özünü hər halında qəbul etməsi də sağlam yanaşmanın tərkib hissəsidir.

Gündəlik rejimə diqqət yetirmək də vacibdir. Səhər yeməyini buraxmamaq, axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl qəbul etmək tövsiyə olunur. Gün ərzində 1-2 sağlam ara qida qəbul etmək isə enerji səviyyəsini sabit saxlamağa kömək edir.

Bundan əlavə, kifayət qədər su içmək, yemək zamanı isə çay və qəhvədən uzaq durmaq məsləhətdir. Heyvan mənşəli yağlar əvəzinə bitki yağlarına üstünlük vermək, gündəlik rasiona meyvə və giləmeyvələr əlavə etmək sağlam qidalanmanın əsas prinsiplərindəndir. Bu vərdişlərə əməl etməklə daha enerjili və sağlam həyat tərzinə nail olmaq mümkündür.