Təbii qidalar düzgün seçildikdə həm ürək, həm də oynaqlar üçün böyük fayda verir. Mütəxəssislər bildirirlər ki, gündəlik rasiona bəzi məhsulların əlavə olunması sağlamlığın qorunmasına mühüm töhfə verir. Foodinfo.az Radio 1 saytına istinadla xəbər verir ki, diyetoloq Natalya Pavlyuk püstənin faydalı xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, püstə faydalı yağlarla zəngindir, lakin onu duzsuz formada qəbul etmək daha məqsədəuyğundur. Mütəxəssis qeyd edib ki, püstə xolesterinin tənzimlənməsinə kömək edir və xroniki xəstəliklərin qarşısının alınmasında faydalı ola bilər.
Digər diyetoloq və qidalanma üzrə mütəxəssis İrina Pisareva isə Moskva 24 saytına açıqlamasında oynaqların sağlamlığı üçün jelatin tərkibli qidaların, o cümlədən xaş və müxtəlif jelli yeməklərin rasiona əlavə edilməsini tövsiyə edib. O bildirib ki, həmçinin qızılbalıq, skumbriya, siyənək və sardina kimi yağlı balıqlar faydalı yağ turşuları ilə zəngindir və oynaqlarda ağrının azalmasına, hərəkətin rahatlaşmasına dəstək verir.






