C vitamini immun sistemini gücləndirən ən məşhur maddələrdən biri hesab olunsa da, onun hər kəs üçün eyni dərəcədə faydalı olmadığı məlum olub. Xüsusilə soyuq aylarda bu vitaminə tələbat artsa da, onun nəzarətsiz qəbulu bəzi hallarda sağlamlıq problemlərinə səbəb ola bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər C vitamini ilə bağlı gözlənilməz məqamları açıqlayıb.

Məlumata görə, bu vitaminin əsas mənbələri sitrus meyvələri, bolqar bibəri, itburnu, qara qarağat və turş kələmdir. Bu məhsullar immuniteti gücləndirməyə kömək etsə də, hər kəs üçün uyğun deyil. Dietoloq Oksana Dmitrenko bildirir ki, bəzi insanlarda C vitamininin həddindən artıq qəbulu əks təsir göstərə bilər.

Xüsusilə mədə-bağırsaq xəstəlikləri olan şəxslər üçün risk daha yüksəkdir. Sitrus meyvələrinin acqarına qəbulu mədə problemlərini ağırlaşdıra bilər. Həmçinin mədə turşuluğu yüksək olan və ya qida allergiyası olan insanlar bu vitamini ehtiyatla qəbul etməlidir.

Bundan əlavə, tromboflebit diaqnozu qoyulan şəxslərə C vitaminini nəzarətsiz şəkildə qəbul etmək tövsiyə olunmur. Mütəxəssis qeyd edir ki, bu maddə qanın qatılaşmasına təsir göstərə bilər və ciddi fəsadlara yol aça bilər. Buna görə də immuniteti gücləndirmək üçün alternativ üsullara – fiziki aktivliyə və sağlam həyat tərzinə üstünlük vermək daha məqsədəuyğun sayılır.