İnternetdə saç üçün yağ, yumurta, kefir və digər inqrediyentlərdən hazırlanmış çoxsaylı ev maskaları mövcuddur. Lakin trixoloq və dermatoveneroloq Tatyana Gonçarova bildirir ki, bu maskaların təsiri vəziyyətdən asılıdır və hər zaman effektiv olmaya bilər.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, əgər insanın saç və baş dərisi ilə bağlı diaqnozu varsa, maskalardan müalicə məqsədilə istifadə vaxt itkisi ola bilər. Çünki saç tökülməsinin əsas səbəbi saç follikulunun dərinin dərin qatında yerləşməsi ilə bağlıdır və ev maskalarının molekulyar komponentləri bu qədər dərinliyə çata bilmir. Ona görə də saç tökülməsini müalicə etmək üçün yalnız trixoloqun təyin etdiyi fərdi proqram təsirli olur.
Həkim əlavə edib ki, bəzi hallarda ev maskaları saç və baş dərisinin vəziyyətini daha da pisləşdirə bilər. Xüsusilə həssas dəri, dermatit və ya psoriaz zamanı maskalar iltihab, qıcıqlanma və follikul tıxanmasına səbəb ola bilər. Bu isə saçların qidalanmasının pozulmasına və xroniki problemlərin yaranmasına gətirib çıxara bilər.
Allergiya da ev maskalarının tez-tez rast gəlinən fəsadlarından biridir. Məsələn, bal və bitki komponentləri baş dərisi artıq qıcıqlanmışsa allergik reaksiyaya səbəb ola bilər.
Buna baxmayaraq, həkim vurğulayır ki, ciddi saç və baş dərisi problemi olmayanlarda ev maskaları profilaktik və qulluq məqsədilə istifadə edilə bilər. Əgər isə saç tökülməsi, keyfiyyətin pisləşməsi, qaşınma və ya iltihab müşahidə olunursa, fərdi trixoloji məsləhət almaq vacibdir.






