Pişiklər evdə rahatlıq və müsbət emosiyalar yaratsa da, bəzi infeksiyaların mənbəyi ola bilər. Mütəxəssislər ev heyvanları ilə təmas zamanı gigiyena qaydalarına əməl etməyin vacibliyini vurğulayırlar.
Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının assistenti Aleksandr Vrublevskiy pişiklərin ötürə biləcəyi əsas riskləri sadalayıb.
Onun sözlərinə görə, ən ciddi təhlükə quduzluqdur. Bu xəstəlik daha çox itlərlə əlaqələndirilsə də, pişiklər də virusun daşıyıcısı ola bilər. Quduzluq dişləmə yolu ilə ötürülür və vaxtında təcili peyvənd olunmadıqda ölümcül nəticə verə bilər. Həkim bildirir ki, şübhəli təmas zamanı həm heyvan, həm də insan üçün profilaktik tədbirlər gecikdirilməməlidir.
Pişiklər həmçinin Toxoplasma gondii parazitinin əsas sahibidir və bu mikroorqanizm toksoplazmoz xəstəliyinə səbəb olur. Əksər hallarda infeksiya simptomsuz keçsə də, hamilə qadınlar üçün ciddi risk yaradır və dölün inkişafına mənfi təsir göstərə bilər.
Bundan başqa, bəzi insanlar illərlə pişiklə yaşasalar da, sonradan allergik əlamətlərlə qarşılaşa bilərlər. Burun axıntısı, göz qızartısı və dəri reaksiyaları müşahidə olunarsa, səbəbi müəyyən etmək və həkimə müraciət etmək vacibdir. Ev heyvanlarının mütəmadi baytarlıq nəzarətində saxlanması və peyvənd olunması riskləri minimuma endirir.






