Yulaf sağlam qidalanma tərəfdarlarının ən çox üstünlük verdiyi məhsullardan biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu taxıl məhsulu orqanizm üçün vacib olan bir sıra faydalı maddələrlə zəngindir və gündəlik qidalanmada mühüm yer tuta bilər.
Foodinfo.az Healthline saytına istinadla xəbər verir ki, dietoloq Sara Şlicterin sözlərinə görə, yulafın tərkibində olan beta-qlükan adlı həll olunan lif qanda xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Bu maddə bağırsaqlarda xüsusi gel əmələ gətirərək xolesterinin sorulmasını məhdudlaşdırır.
Mütəxəssis qeyd edir ki, yulaf eyni zamanda həzm sisteminin fəaliyyətinə də müsbət təsir göstərir. Onun tərkibindəki liflər bağırsaq mikroflorasını dəstəkləyir və uzun müddət toxluq hissi yaradır. Bu xüsusiyyət isə xüsusilə çəkiyə nəzarət edən insanlar üçün faydalıdır.
Dietoloqların sözlərinə görə, səhər yeməyində yulaf sıyığının istehlakı gün ərzində enerjinin sabit qalmasına kömək edə bilər. Buna görə də bir çox mütəxəssis yulafı sağlam və balanslı qidalanmanın əsas məhsullarından biri hesab edir.






