Somnoloq Elena Tsaryova bildirib ki, yuxusuzluq üçün yuxu dərmanlarından həddən artıq istifadə sağlamlıq üçün ciddi risklər yarada bilər. Foodinfo.az xəbər verir ki, Rusiyada yuxu dərmanlarına tələbat son bir ildə 60% artıb.

Tsaryova qeyd edib ki, yuxu pozuntularının əsas səbəbləri arasında narahatlıq, yatmazdan əvvəl elektron cihazlardan istifadə və stress yer alır. Narahatlıq zamanı kortizol və hətta adrenalin səviyyəsi yüksəlir, simpatik sinir sistemi aktivləşir, bu da ürək döyüntülərinin artmasına və yuxuya getmənin çətinləşməsinə səbəb olur.

Mütəxəssis xəbərdarlıq edib ki, dərmanların nəzarətsiz qəbulu sağlamlıq problemlərinə, ürək-damar xəstəliklərinin irəliləməsinə və hətta yuxuda nəfəsin dayanmasına gətirib çıxara bilər. Xüsusilə asılılıq riski böyükdür, insanlar özbaşına dozanı artırmaqla bu problemi dərinləşdirir.

Yuxu dərmanları yalnız qısa müddət – maksimum 3–7 gün, və yalnız üç aydan az davam edən kəskin yuxusuzluq zamanı istifadə olunmalıdır.

Xroniki yuxusuzluğun müalicəsində Tsaryova davranış-terapevtik metodları, yəni yuxuya təsir edən vərdişlərin dəyişdirilməsini tövsiyə edir. Əgər dərman asılılığı artıq yaranıbsa, onu psixiatr nəzarəti altında “medikamentoz körpü” ilə tədricən azaldaraq aradan qaldırmaq mümkündür.