
Yay aylarında ən çox istehlak edilən meyvələrdən biri olan qarpızı düzgün seçmək hər kəs üçün vacibdir.
Foodinfo.az xəbər verir ki, bağban Yekaterina Kosolapova qarpız alarkən diqqət edilməli əsas məqamları açıqlayıb. Onun sözlərinə görə, bu meyvəni seçmək heç də şans məsələsi deyil – müəyyən əlamətlərə diqqət etməklə yetişmiş və şirəli qarpız almaq mümkündür.
"Qarpıza barmağınızla vurun – səsi bərk və cingiltəli olmalıdır. Qabığı sərt, rəngi isə parlaq və kontrastlı olmalıdır. Ən əsası, qarpızın alt hissəsindəki 'yer ləkəsi' iri və mat sarı rəngdə olmalıdır", – deyə Kosolapova bildirib.
Həmçinin, qarpızın saplağı qurumuş və azca əyilmiş olmalıdır. Mütəxəssis meyvənin nə çox böyük, nə də çox kiçik deyil, orta ölçülü və formasının yumru, eyni zamanda çəkisinin öz ölçüsünə görə ağır olmasının da vacibliyini vurğulayıb.
Kosolapova əlavə edib ki, üzəri kəsilmiş qarpızlardan, xüsusilə günəş altında saxlanılanlardan uzaq durmaq lazımdır. Belə meyvələrdə bakteriyalar çox sürətlə artır və sağlamlıq üçün risk yarada bilər.