Qırmızı balıq növləri arasında sağlamlıq baxımından ən faydalı olanlar müəyyənləşdirilib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, Vidnovsk Kliniki Xəstəxanasının həkim-endokrinoloqu Mariya Kaloşinanın sözlərinə görə, qırmızı balıqlar içərisində ən faydalı hesab olunan növlər qızılbalıq və vəhşi qızılbalıqdır.
Mütəxəssis bildirib ki, keta qızılbalığı və alabalıq da bu balıqların dəyərli qohumları sayılır və orqanizm üçün vacib olan çox doymamış yağ turşuları ilə zəngindir. Qırmızı balıqlar arasında omeqa-3 yağ turşularının miqdarına görə ilk yerləri qızılbalıq və vəhşi qızılbalıq tutur. Bu növlər ürək-damar sistemi üçün xüsusilə faydalı hesab olunur.
Daha sonra siyahıda kijuç qızılbalığı gəlir ki, onda omeqa yağ turşularının miqdarı təxminən iki dəfə azdır. Növbəti yerdə keta qızılbalığı qərarlaşıb. Siyahını alabalıq tamamlayır. Həkimin sözlərinə görə, alabalıq əsasən süni şəraitdə yetişdirildiyindən vəhşi balıqlarla müqayisədə qida dəyəri baxımından geri qalır.
Mariya Kaloşina qırmızı balıqdan həddindən artıq istifadə edilməsinin düzgün olmadığını da vurğulayıb. Onun sözlərinə görə, artıq duz orqanizmdə şişkinliyə səbəb ola və kalsiumun yuyulmasını sürətləndirə bilər. Arterial təzyiqi yüksək olan və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslərə az duzlu balıq məhsullarına üstünlük vermək tövsiyə olunur.
Mütəxəssis eyni zamanda xəbərdarlıq edib ki, çiy balıqda müxtəlif parazitlərin sürfələri ola bilər. Onların zərərsizləşdirilməsi üçün düzgün duzlama müddətinə əməl olunmalıdır. Qaydaların pozulması zamanı listeriya, salmonella kimi bakterial yoluxmalar və botulizm riski yarana bilər. Qırmızı balıq üç yaşdan kiçik uşaqlara tövsiyə edilmir. Yağlı balıq növləri xroniki pankreatit və mədə xorasından əziyyət çəkən şəxslər üçün də uyğun sayılmır.
Həkim əlavə edib ki, qırmızı balığın kərə yağı ilə birlikdə istifadəsi ateroskleroz, qanda xolesterinin yüksək olması və öd kisəsində daş olan şəxslər üçün məsləhət görülmür. Balıq alarkən qablaşdırmanın bütövlüyünə və yararlılıq müddətinə diqqət yetirilməlidir. Məhsulun rəngi açıq çəhrayıdan qırmızıya qədər bərabər olmalı, açıldıqdan sonra isə kəskin, turş və ya ammiak qoxusu verməməlidir.






