Səhər saatlarında qəhvə içməyin vaxtı ilə bağlı uzun müddətdir müzakirə olunan bir fikir yenidən gündəmə gəlib. Bir çox insan hesab edir ki, oyanandan dərhal sonra qəhvə içmək düzgün deyil və orqanizmin hormon balansına təsir göstərə bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, britaniyalı ailə həkimi Rob Qallouey bu yanaşmanın elmi əsasının olmadığını bildirib.
Həkimin sözlərinə görə, səhər yuxudan oyandıqdan sonra ilk 30–60 dəqiqə ərzində kortizol hormonunun səviyyəsi təbii olaraq yüksəlir. Lakin bu proses qəhvə qəbulundan ciddi şəkildə təsirlənmir. Xüsusilə mütəmadi olaraq qəhvə içən insanlarda kofeinə qarşı uyğunlaşma yarandığı üçün içkinin hormon səviyyəsinə təsiri minimum olur.
Mütəxəssis qeyd edib ki, ilk fincan qəhvəni oyanışdan təxminən 25–30 dəqiqə sonra rahatlıqla içmək mümkündür. Onun sözlərinə görə, səhər günə bir stəkan su içməklə başlamaq, dişləri təmizləmək və qısa fiziki hərəkətlər etmək daha məqsədəuyğundur. Bundan sonra içilən qəhvə bədəni canlandırır və enerji hissini artırır.
Həkim bildirib ki, bir fincan qəhvədən sonra hətta fiziki məşq üçün də kifayət qədər enerji yarana bilər. O, səhər yeməyinin isə məcburi olmadığını və təbii aclıq hissi yarandıqda qəbul edilməsinin daha düzgün olduğunu vurğulayıb.
Rob Qalloueyin fikrincə, qəhvə üçün hamıya uyğun “ideal vaxt” anlayışı mövcud deyil. Bu məsələ hər bir insanın kofeinə həssaslığından və gündəlik vərdişlərindən asılıdır.
Mütəxəssis sonda qeyd edib ki, yuxudan sonra ilk bir saat ərzində qəhvədən tamamilə imtina etməklə bağlı qadağaların ciddi fizioloji əsasları yoxdur.






