Qış aylarında xüsusilə bayram süfrələrində mandarinə daha çox yer verilir və bu meyvənin sağlamlığa təsiri ilə bağlı suallar aktuallaşır. Mütəxəssislər bildirirlər ki, faydalı hesab edilən məhsullar belə normadan artıq qəbul edildikdə orqanizm üçün risk yarada bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, tibb elmləri namizədi Olqa Tarasova mandarinlərin həddindən artıq istehlakının mədə-bağırsaq problemlərini kəskinləşdirə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, mədə və onikibarmaq bağırsaq xorasının əsas səbəbləri adətən Helicobacter pylori bakteriyası və ya uzun müddət ağrıkəsici dərmanların qəbulu ilə bağlıdır. Lakin gündə yarım kiloqramdan bir kiloqrama qədər mandarin yemək qastrit və xora xəstəliyinin kəskinləşməsinə təkan verə bilər.
Həkim izah edib ki, mandarinlərin tərkibində olan üzvi turşular və efir yağları mədə şirəsinin ifrazını artıraraq selikli qişanı qıcıqlandırır. Sağlam insanlarda bu hal mədə yanğısı və narahatlıqla müşahidə oluna bilər. Xroniki mədə-bağırsaq xəstəliyi olan şəxslərdə isə ağrıların güclənməsi və hətta qanaxma riski yarana bilər.
Mütəxəssis optimal miqdar kimi gündə 3–5 mandarin yeməyi tövsiyə edir. Onun sözlərinə görə, sitrus meyvələri acqarına deyil, əsas yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur.






