Xurma payız və qış aylarında ən çox sevilən meyvələrdən biri hesab olunur. Tərkibində vitamin və faydalı maddələr çox olsa da, bu meyvənin həddindən artıq qəbulu sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər böyüklər üçün xurmanın gündəlik miqdarının 2–3 ədəd ilə məhdudlaşdırılmasını tövsiyə edirlər.

Məlumata görə, xurmanın əsas “gizli təhlükəsi” onun tərkibində olan aşılayıcı maddələrdir. Bu maddələr meyvəyə büzücü dad verir və xüsusilə yetişməmiş xurmalarda daha çox olur. Mütəxəssislər bildirirlər ki, belə maddələr bağırsaqların hərəkətini zəiflədə və həzm prosesini ləngidə bilər.

Gigiyenist Yuliya Masyukeviç qeyd edib ki, şəkər xəstəliyi olan şəxslər xurma qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Həmçinin bağırsaq fəaliyyəti pozulmuş insanlara və qarın boşluğu üzvləri üzərində əməliyyat keçirmiş şəxslərə bu meyvə məhdud miqdarda tövsiyə olunur. Bunun səbəbi əməliyyatlardan sonra yaranan bitişmələrin xurmanın təsiri ilə problem yarada bilməsidir.

Mütəxəssislərin sözlərinə görə, xurmanı həddindən artıq yemək qarında köpmə, ağırlıq hissi və qəbizlik kimi narahatlıqlara səbəb ola bilər. Bu baxımdan xurmanın miqdarına nəzarət etmək və əsasən tam yetişmiş meyvələrə üstünlük vermək daha məqsədəuyğundur. Qidalanmada ölçüyə riayət edildikdə isə xurma orqanizm üçün faydalı və təhlükəsiz seçim ola bilər.