Yüngül sous və düzgün məhsul seçimi bayram süfrəsini sağlamlaşdıra bilər. Foodinfo.az kp.ru-ya istinadla xəbər verir ki, həkim-dietoloq Lyudmila Denisenko paytaxt salatının daha az kalorili formada hazırlanmasının mümkün olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu salatı menyudan tam çıxarmağa ehtiyac yoxdur, əsas məsələ onun tərkibini daha sağlam məhsullarla zənginləşdirməkdir.

Dietoloq qeyd edib ki, ənənəvi reseptdə istifadə olunan kartofun əvəzinə balqabaq və ya kərəviz kökündən istifadə etmək olar. Bu dəyişiklik salatın enerji dəyərini azaldır və həzm sisteminə düşən yükü yüngülləşdirir. O bildirib ki, qaynadılmış kökün yerinə təzə qırmızı bibər əlavə etmək həm dadı, həm də vitamin tərkibini artırır.

Mütəxəssisin fikrincə, kolbasa əvəzinə qaynadılmış toyuq əti seçilməsi salatın daha yüngül və faydalı olmasına kömək edir. Bu, xüsusilə ürək-damar və artıq çəki problemi olan insanlar üçün daha məqsədəuyğun hesab olunur.

Sous məsələsinə də toxunan Denisenko vurğulayıb ki, mayonez paytaxt salatının ən kalorili hissəsidir. Onun əvəzinə az yağlı xama, bir qədər xardal və bir damcı zeytun yağı qarışığından istifadə etmək olar. Bu cür sous həm dadlı, həm də orqanizm üçün daha təhlükəsizdir.

Dietoloq əlavə edib ki, salatın miqdarına da diqqət yetirilməlidir. Hətta daha yüngül tərkibli olsa belə, həddindən artıq qəbul sağlamlıq üçün faydalı sayılmır.

Sonda mütəxəssis qeyd edib ki, bayram süfrəsində əsas məqsəd qadağalar deyil, düzgün seçim və ölçülü qidalanmadır. Bu yanaşma həm sağlamlığın qorunmasına, həm də bayram günlərindən sonra yaranan narahatlıqların qarşısının alınmasına kömək edir.