Ürək-damar xəstəlikləri özünü təkcə sinə ağrısı ilə deyil, həzm pozuntularına bənzər əlamətlərlə də göstərə bilər. Foodinfo.az xəbər verir ki, kardioloq Marselo Ferraz Sampaio qarın köpünün hər zaman mədə-bağırsaq sistemi ilə bağlı olmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, bu əlamət bəzi hallarda ürək-damar sistemi problemlərinin ilkin xəbərçisi ola bilər. O qeyd edib ki, ürəyin normal fəaliyyəti pozulduqda orqanizmdə maye yığılması baş verir və bu, qarın nahiyəsində köplük hissi yarada bilər.
Kardioloq vurğulayıb ki, qarın köpü ilə yanaşı, gecə tərləməsi, ayaqlarda şişkinlik, sinə nahiyəsində ağrılar, başgicəllənmə və nəfəs darlığı da ürəklə bağlı problemlərə işarə edə bilər. Bu əlamətlər çox vaxt insanlar tərəfindən ciddi qəbul edilmir və sadə yorğunluq və ya həzm pozuntusu kimi qiymətləndirilir. Halbuki, bu cür əlamətlərin uzun müddət davam etməsi təhlükəli nəticələrə səbəb ola bilər.
Mütəxəssisin fikrincə, sağlamlığın qorunması üçün qan şəkəri və xolesterin səviyyəsinə, arterial təzyiqə və ürək döyüntülərinin tezliyinə mütəmadi nəzarət etmək vacibdir. O bildirib ki, bu göstəricilərdə yaranan dəyişikliklər vaxtında aşkar olunarsa, ciddi fəsadların qarşısını almaq mümkündür.
Kardioloq əlavə edib ki, sadalanan əlamətlər müşahidə olunduğu halda mütləq həkimə müraciət edilməlidir. Qəbul zamanı həkim xəstəni ətraflı müayinə etməli, həyati göstəriciləri qiymətləndirməli, nəbzi ölçməli, damarları yoxlamalı və döş qəfəsini diqqətlə müayinə etməlidir. Həmçinin ürəyin fəaliyyəti stetoskop vasitəsilə dinlənilməlidir.
Sonda mütəxəssis qeyd edib ki, qarın köpü hər zaman sadə bir problem kimi qiymətləndirilməməlidir. Orqanizmin verdiyi bu cür siqnallara vaxtında diqqət yetirmək həm ürək-damar sağlamlığının qorunmasına, həm də ümumi həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.






