Günə daha müsbət ovqatla başlamağın asan üsulu ilə bağlı yeni elmi araşdırmanın nəticələri açıqlanıb. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, qazlı içkilər və qəhvə kimi kofein tərkibli içkilərin qəbulu xüsusilə səhər saatlarında müsbət hisslərin artması ilə əlaqəlidir.
Bu qənaət Almaniyanın Bilefeld Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma əsasında formalaşıb. Alimlər kofeinin gündəlik həyat şəraitində insanların emosional durumuna təsirini öyrəniblər. Tədqiqatın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub.
Məlumata görə, kofein dünyada ən geniş yayılmış psixoaktiv maddə hesab olunur və Yer kürəsi əhalisinin təxminən 80 faizi onu mütəmadi qəbul edir. Kofein qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur və əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq məqsədilə istifadə edilir. Bir çox insan qəhvənin əhvalı yaxşılaşdırdığını bildirsə də, indiyədək aparılan araşdırmaların əksəriyyəti laboratoriya şəraitində həyata keçirilmişdi.
Yeni tədqiqat isə real həyat şərtlərinə əsaslanıb və yuxu rejimi, sosial əlaqələr, günün saatı kimi amillər nəzərə alınıb. Araşdırmada 18–29 yaş aralığında olan 230-dan çox şəxs iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gün ərzində yeddi dəfəyədək sorğuları cavablandıraraq son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndiriblər.
Məlumatların təhlili kofein qəbulu ilə müsbət hisslərin artması arasında sabit əlaqə olduğunu göstərib. Bu təsirin xüsusilə yuxudan oyandıqdan sonra ilk iki yarım saat ərzində daha güclü olduğu müəyyən edilib. Alimlər bunu yuxudan sonrakı halsızlıq dövrü ilə əlaqələndirir və bildirirlər ki, kofein yuxululuq yaradan maddənin təsirini zəiflədərək beynin daha tez oyanmasına kömək edir.
Araşdırmada kofeinin mənfi hisslərə təsiri isə birmənalı olmayıb. Tədqiqatların yalnız birində narahatlıq və kədər hissində cüzi azalma müşahidə edilib və bu hal günün saatından asılı olmayıb. Bu da müsbət və mənfi emosiyaların formalaşma mexanizmlərinin fərqli ola biləcəyini göstərir.
Eyni zamanda, kofeinin təsirinin daha çox yorğunluq yaşayan insanlarda hiss edildiyi qeyd olunub. Sosial mühitdə, yəni insanların birgə ünsiyyətdə olduğu hallarda isə kofeinin əhvalı yüksəldən təsiri zəifləyib. Tədqiqat müəllifləri bunu ünsiyyətin özü ilə emosional fonun artıq yüksəlməsi ilə izah edirlər.






