Qəhvə sevənlər üçün gündəlik maksimum təhlükəsiz miqdar müəyyən edilib. Foodinfo.az bildirir ki, diyetoloq və nutrisioloq Nadejda Litvinova-Grazion qəhvənin orqanizmə zərər vermədən qəbul edilə biləcək miqdarını açıqlayıb.

Ekspert qeyd edib ki, orqanizm kofeini tamamilə emal etmək üçün 2,5–5 saat tələb edir. Yüksək metabolizma sürətinə malik şəxslər və heç bir əks göstərişi olmayanlar gündə 5–6 fincan qəhvə içə bilərlər. Digər insanlar isə səhər vaxtı 1–2 fincanla məhdudlaşmalıdır.

Həkim xatırladıb ki, kofein yalnız qəhvə tərkibində deyil, həm də çay, şokolad, enerji içkiləri, qazlı içkilər və bəzi dərmanlarda mövcuddur. Təhlükəsiz gündəlik çay norması isə 4–5 fincandan artıq olmamalıdır.

Litvinova-Grazion həmçinin xəbərdarlıq edib ki, xroniki xəstəliklər, xüsusilə yüksək qan təzyiqi olan şəxslər kofein istehlakını azaltmalıdır. Hamilə qadınlar və oral kontraseptiv qəbul edən qadınlar isə kofeindən həddindən artıq istifadə etməməlidir.