Qidalanma mütəxəssisləri insan orqanizminin sağlam qalması üçün gündəlik menyuda tərəvəzlərin daim yer almasının vacibliyini vurğulayırlar. Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, Rusiya Biotexnologiya Universitetinin dietologiya kafedrasının dosenti Anastasya Lebedeva hər yeməkdə tərəvəz boşqabı əlavə etməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, bu vərdiş artıq yeməkdən çəkinməyə, həmçinin həzmin yaxşılaşmasına kömək edir. Lebedeva bildirib ki, tərəvəzlər orqanizmin ehtiyac duyduğu vitamin və liflərlə zəngindir və onlar mədədə doyma hissini tez yaradır. Bu isə insanın lazımi qədər yeməklə kifayətlənməsinə şərait yaradır.
Dietoloq əlavə edib ki, qəlyanaltı zamanı da sağlam seçimlərə üstünlük verilməlidir. Onun fikrincə, fındıq, nar, qarğıdalı və alma kimi məhsullar həm enerji verir, həm də orqanizmi zərərli yağ və şəkərdən qoruyur.
“Artıq yeməkdən qaçmaq üçün yeməyə ət, balıq və ya paxlalı məhsullardan başlamaq tövsiyə olunur. Bu cür başlanğıc bədəni daha tez doyurur və iştahanı tənzimləyir,” – deyə Lebedeva qeyd edib.
Mütəxəssis hesab edir ki, sağlam qidalanmanın əsas prinsipi müxtəliflik və balansdır. Hər bir insanın gündəlik menyusunda zülal, tərəvəz, meyvə və taxıl məhsulları olmalıdır. Bu halda həm maddələr mübadiləsi normallaşır, həm də orqanizm mövsüm dəyişikliklərinə qarşı daha dözümlü olur.






