Gənclik dövründə tam yağlı süd məhsullarının qəbul edilməsi gələcəkdə ürək-damar xəstəliklərinin riskini azalda bilər. Foodinfo.az Sports.kz-a istinadla xəbər verir ki, bu nəticəyə ABŞ-ın Minnesota Universitetinin alimləri gəliblər.
Tədqiqatın nəticələri The Journal of Nutrition (JNutri) jurnalında dərc olunub.
Araşdırma 25 il ərzində müşahidə edilən 3 mindən çox iştirakçının məlumatlarına əsaslanıb. Alimlər gənclik illərində qəbul edilən süd məhsullarının növü ilə damar divarlarında kalsium toplanması arasındakı əlaqəni öyrəniblər. Kalsiumun damarlarda yığılması ürək xəstəliklərinin ilkin əlamətlərindən hesab olunur.
Məlum olub ki, tam yağlı süd, pendir və qatıq yeyən şəxslərdə damar divarlarında kalsiumun çökmə ehtimalı 24 faiz azdır. Maraqlıdır ki, az yağlı və ya yağsız süd məhsullarında belə qoruyucu təsir müşahidə edilməyib.
Alimlər qeyd ediblər ki, süd yağının ürək sağlamlığındakı rolu bəlkə də indiyədək düzgün qiymətləndirilməyib. Onların fikrincə, bu təsir təkcə yağ miqdarı ilə deyil, həm də gənclik dövründə formalaşan maddələr mübadiləsinin xüsusiyyətləri ilə bağlı ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, süd yağında olan bəzi təbii birləşmələr iltihabı azalda və qan lipidlərinin mübadiləsini yaxşılaşdıra bilər.
Gələcək tədqiqatlarda alimlər süd yağında damarları qoruyan bu faydalı komponentləri dəqiqləşdirmək və onların köməyi ilə ürək-damar xəstəliklərinin qarşısını almağın mümkün olub-olmadığını müəyyənləşdirmək niyyətindədirlər.






