Balqabaq toxumu son illərdə sağlam qidalanmada xüsusi yer tutur. Zəngin tərkibi ilə seçilən bu təbii məhsul həm immun sistemini gücləndirir, həm də bir sıra xəstəliklərin qarşısının alınmasına kömək edir.
Foodinfo.az xəbər verir ki, balqabaq toxumları maqnezium, sink, dəmir, omeqa-3 yağ turşuları və lif baxımından olduqca zəngindir. Bu maddələr ürək-damar sağlamlığının qorunmasında, qan təzyiqinin tənzimlənməsində və xolesterin səviyyəsinin balanslaşdırılmasında mühüm rol oynayır.
Tərkibindəki sink sayəsində balqabaq toxumları immuniteti gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Eyni zamanda, triptofan maddəsi yuxu keyfiyyətini yaxşılaşdırır və əsəb sistemini sakitləşdirir.
Həzm sistemi üçün də faydalı sayılan balqabaq toxumları liflə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını almağa kömək edir. Dietoloqlar onu arıqlama dövründə sağlam qəlyanaltı kimi də tövsiyə edirlər, çünki uzun müddət toxluq hissi yaradır.
Balqabaq toxumunun gündəlik qəbulu 1 ovuc (20–30 qram) ilə məhdudlaşdırılmalıdır. Daha çox fayda əldə etmək üçün duzlu və çox qovrulmuş deyil, çiy və ya az qovrulmuş formada istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, düzgün miqdarda və müntəzəm istifadə edildikdə balqabaq toxumları sağlam həyat tərzinin dəyərli hissəsinə çevrilə bilər.






