
Axşam yeməyinin tərkibi və qəbul qaydası orqanizmin qlükoza səviyyəsinə və nəticədə çəkiyə ciddi təsir göstərir. Foodinfo.az bildirir ki, Stanford Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma düzgün ardıcıllıqla yeyilən qidaların qanda şəkərin sürətli artımını əngəllədiyini sübut edib.
Tədqiqat "Nature Medicine" jurnalında dərc olunub və orada qeyd edilir ki, əvvəlcə zülal və ya lif, daha sonra isə karbohidrat qəbul etmək həddindən artıq yemə riskini azaldır. Bu ardıcıllıq aclıq hissinin qarşısını alır və şəkərin ani yüksəlməsinə mane olur.
Təcrübədə iştirak edən 55 nəfər könüllüyə – bəzilərində prediyabet əlamətləri müşahidə olunurdu – gündə üç dəfə eyni porsiya düyü verilib. Lakin yeməkdən 10 dəqiqə əvvəl onlara ya yumurta ağı (zülal), ya lifli tərəvəzlər, ya da yağ (xama) verilib. Nəticədə məlum olub ki, zülal və lif şəkərin yüksəlməsini daha effektiv şəkildə ləngidir. Əvəzində yağlar bu təsiri göstərməyib, əksinə həzmi ləngidib.
Araşdırmaya rəhbərlik edən professor Maykl Snayder izah edir ki, qanda şəkərin sürətli artımı bədəndə piy toplanmasını və 2-ci tip diabet riskini artırır. Bu isə aclıq hissini tezləşdirərək insanı daha çox yeməyə və yüksək kalorili qəlyanaltılara meyilləndirir.
Alimlər arıqlamaq və şəkər səviyyəsini nəzarətdə saxlamaq istəyənlərə axşam yeməyinə zülal və liflə başlamağı, karbohidratları isə axıra saxlamağı tövsiyə edir. Bu sadə strategiya qidalanma vərdişlərinin sağlam istiqamətə yönəlməsi üçün əhəmiyyətli addım ola bilər.