Bəzən insanı qəfil tutan narahatlıq hissini çox sadə və gözlənilməz bir üsulla azaltmaq mümkündür. Foodinfo.az xəbər verir ki, Qlazqo Universitetinin psixiatriya üzrə professoru Kris Uilyams belə vəziyyətlərdə adi turş konfetlərin kömək edə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, kəskin turş dad beyində “diqqəti dəyişdirən siqnal” kimi işləyir. Bu zaman beyin narahat düşüncələrdən uzaqlaşır və diqqəti yeni dad hissinə yönəlir. Nəticədə insanın daxili gərginliyi azalır, ürək döyüntüsü normallaşır və stress səviyyəsi enir.

Uilyams qeyd edib ki, bu üsul həm psixoloji yönləndirmə, həm də bədənin fizioloji reaksiyası ilə əlaqəlidir. Yəni, insan əgər bu metodun işləyəcəyinə inanırsa, onun təsiri daha güclü olur. Bu, elmdə “plasebo effekti” adlanır.

Professor əlavə edib ki, kəskin dadın yaratdığı təsir yalnız turş konfetlərlə məhdudlaşmır. Eyni nəticəni ədviyyatlı yeməklər, limon, turş giləmeyvələr və ya digər güclü dadlı qidalar da verə bilər. Bu qidalar beyində dopamin adlı “xoşbəxtlik hormonu”nun ifrazını artıraraq, insanın əhvalını müvəqqəti də olsa yaxşılaşdırır.

Uilyamsın sözlərinə görə, bu üsul narahatlıq tutmasını tam müalicə etmir, lakin həmin anı yüngülləşdirmək və nəfəsi bərpa etmək üçün praktik və zərərsiz vasitədir.