Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. O, antioksidantlarla zəngindir, metabolizmi sürətləndirir, ürək-damar sistemini qoruyur və stressi azaldır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu içkinin həddindən artıq istehlakı bədənə zərər də verə bilər.

Foodinfo.az xəbər verir ki, gündə 2–3 fincan (təxminən 500–700 ml) yaşıl çay içmək sağlam insan üçün ideal hesab olunur. Bu miqdar orqanizmi antioksidantlarla təmin edir, toxinsizləşməni və yağ yandırılmasını dəstəkləyir.

Lakin 3 fincandan çox yaşıl çay qəbul edildikdə bədəndə kofein miqdarı artır, bu da yuxusuzluq, əsəbilik, ürək döyüntülərinin sürətlənməsi və təzyiq dəyişikliklərinə səbəb ola bilər.

Bundan əlavə, yaşıl çay dəmirin sorulmasını azaldır. Buna görə də, xüsusilə qanazlığı və ya dəmir çatışmazlığı olan şəxslər onu yeməkdən dərhal sonra içməməlidirlər.

Hamilə qadınlar və yüksək təzyiqdən əziyyət çəkənlər isə yaşıl çayı gündə 1–2 fincanla məhdudlaşdırmalıdırlar.

Yaşıl çay səhər və günorta saatlarında, yeməkdən təxminən 1 saat sonra içildikdə daha çox fayda verir. Axşam saatlarında içilməsi isə yuxu pozğunluğuna səbəb ola bilər.