Payız aylarında düzgün və balanslı qidalanma orqanizmin mövsüm dəyişikliklərinə uyğunlaşması üçün mühüm əhəmiyyət daşıyır. Foodinfo.az RuNews24.ru-ya istinadla xəbər verir ki, qidalanma mütəxəssisi Qalina Leonova payız mövsümündə menyunun həm müxtəlif, həm də tarazlı olmasının vacibliyini vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, payızda qidalanmada az yağlı ət və balıq növləri, az yağlı süd və turş süd məhsulları, yumurta, həmçinin isti tərəvəz şorbalı yeməklər üstünlük təşkil etməlidir. Bu, immun sistemini gücləndirir və orqanizmi soyuq havalara hazırlaşdırır.

Leonova əlavə edib ki, hər gün ən azı 400 qram müxtəlif meyvə və tərəvəz qəbul edilməlidir. Bununla yanaşı, çörək, dənli bitkilərdən hazırlanmış sıyıqlar, makaron və tam taxıllı məhsullar kimi yavaş mənimsənilən karbohidratlar da rasionda yer almalıdır.

Bu qidalar təkcə enerji mənbəyi deyil, həm də payızda tez-tez rast gəlinən halsızlıq və vitamin çatışmazlığının qarşısını almaqda mühüm rol oynayır.

Digər tərəfdən, Piroqov Universitetinin əczaçılıq və tibbi kimya kafedrasının dosenti, farmakologiya üzrə fəlsəfə doktoru Vladislav Sepp bildirib ki, mədə yanmasına qarşı soda qəbul etmək sağlamlığa faydalı deyil.

Onun sözlərinə görə, soda mədə turşusu ilə reaksiyaya girərək karbon qazı əmələ gətirir, bu da mədəni şişirdir və yeni turşu ifrazına səbəb olur. “Beləliklə, insan müvəqqəti yüngüllük hiss etsə də, nəticədə problemin daha da dərinləşməsinə şərait yaradır”, – deyə alim qeyd edib.