Makaron bişirmək sadə görünür, amma bir çox insanın bişirdiyi makaronlar bir-birinə yapışır. Foodinfo.az “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, bu halın əsas səbəbi bişirmə qaydalarına düzgün əməl olunmamasıdır.
Məlumata görə, makaronun yapışmaması üçün ən vacib amillərdən biri su və duzun miqdarıdır. Mütəxəssislər bildirirlər ki, 100 qram quru makaron üçün 1 litr su və 10 qram duz istifadə edilməlidir. Bu qayda “1–10–100” nisbəti adlanır və makaronun sərbəst şəkildə hərəkət etməsinə şərait yaradır.
Makaronu bişirərkən suyun miqdarı nə qədər çox olarsa, makaronun üzərində toplanan nişasta da o qədər az olur. Bu da onun yapışmasının qarşısını alır. Həmçinin duz yalnız su qaynayandan sonra əlavə edilməlidir. Bu, həm suyun qaynarlıq dərəcəsini artırır, həm də makaronun quruluşunu möhkəmləndirir.
Mütəxəssislər bildirirlər ki, makaron yalnız qaynar suya tökülməli və odun gücü azaldılmadan bişirilməlidir. Makaronu sərin suya salmaq və ya az su ilə bişirmək, onun yapışmasına və ləzzətinin itirilməsinə səbəb olur.
Bundan başqa, böyük həcmli qazan seçmək də vacibdir. Çünki makaron bişərkən suda sərbəst hərəkət etməlidir. Əks halda, bişmə zamanı biri digərinə yapışır və formasını itirir.
Nəticədə, sadə qaydalara əməl etməklə həm əlvan, həm də ləzzətli makaron bişirmək mümkündür.






