Ətin tərkibi və orqanizmə təsiri onun növündən asılı olaraq fərqlənir. Foodinfo.az xəbər verir ki, qida texnologiyaları üzrə mütəxəssis, dosent Yelena Məsnikova müxtəlif ət növlərinin qidalanmadakı rolundan və onların seçilmə qaydalarından danışıb.
Onun sözlərinə görə, bütün ət növləri zülal mənbəyidir, lakin zülalın miqdarı və mənimsənilmə dərəcəsi fərqlidir. Məsələn, mal ətində 16–29 faiz, toyuq ətində isə 20–22 faiz zülal olur. Toyuq ətindəki zülallar orqanizm tərəfindən daha asan mənimsənildiyi üçün bu ət növü pəhriz qidası sayılır.
Mütəxəssis vurğulayıb ki, ətin yağ miqdarı artdıqca zülalın payı azalır. Buna görə də sağlam qidalanma üçün daha az yağlı, keyfiyyətli ət seçmək məsləhətdir.
Vitamin və minerallar baxımından da fərqlər mövcuddur. Mal əti tərkibindəki yüksək dəmir və sinklə qan dövranı və immun sistemini gücləndirir, həmçinin B12 vitamini ilə sinir sisteminin sağlamlığına dəstək olur. Donuz əti əsasən B qrup vitaminləri ilə zəngindir və əsəb sisteminin normal fəaliyyətinə yardım edir. Toyuq əti isə natrium, fosfor və kaliumla ürək, sümüklər və su-duz balansı üçün faydalıdır.
Keyfiyyətli məhsul seçmək üçün Məsnikova bir neçə sadə qayda da qeyd edib. Onun sözlərinə görə, təzə mal əti parlaq qırmızı, toyuq əti isə açıq çəhrayı rəngdə olmalıdır. Ət yapışqan, selikli olmamalı, barmaqla basıldıqda əmələ gələn iz tez yox olmalıdır.
Ətin faydasını qorumaq üçün soyudulmuş halda 0–4°C, dondurulmuş halda isə -18°C temperaturda saxlanılması vacibdir. Mütəxəssis onu da əlavə edib ki, ətin düzgün əridilməsi üçün ən yaxşı üsul soyuducuda 10–12 saat ərzində yavaş-yavaş əriməyə qoymaqdır.






