Ağızdan gələn xoşagəlməz qoxu bir çox hallarda qidalanma və həzm sistemi ilə birbaşa əlaqəli olur. Foodinfo.az Lenta.ru saytına istinadla xəbər verir ki, stomatoloq-cərrah və ortoped Vyaçeslav Minko nəfəsi təmizləməyə kömək edən beş əsas qida kateqoriyasını açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə liflə zəngin tərəvəzlər gündəlik rasiona daxil edilməlidir. Brokkoli, kök, avokado, artişok və balqabaq kimi tərəvəzlər həzm sisteminin fəaliyyətini normallaşdırır və ağız qoxusunun azalmasına yardım edir.
Mütəxəssis xüsusilə almaların faydasını vurğulayıb. Almalar tərkibindəki lif sayəsində təkcə həzmi yaxşılaşdırmır, eyni zamanda dişlərin üzərində yaranan ərpi qismən təmizləyərək nəfəsi təravətləndirir. Həkim bildirib ki, alma çeynəmək ağız boşluğunda təbii təmizləyici effekt yaradır.
Minko rasionda müxtəlif göyərti və yaşıl salatların da yer almasını tövsiyə edib. Şüyüd, razyana, cəfəri, reyhan, nanə, tərxun, rozmarin, melissa və keşniş efir yağları ilə zəngin olduğu üçün ağız boşluğuna müsbət təsir göstərir və qısa müddətdə təravət hissi yaradır. Bu bitkilər həm də antibakterial xüsusiyyətlərə malikdir.
Stomatoloqun sözlərinə görə, qatqısız təbii yoqurt da ağız və mədə-bağırsaq sistemi üçün faydalıdır. Yoqurt həm səhər yeməyi, həm desert, həm də salat sousu kimi istifadə oluna bilər. Yaşıl göyərti ilə birlikdə qəbul edildikdə ağız qoxusuna qarşı təsiri daha da güclənir.
Mütəxəssis əlavə edib ki, sitrus meyvələri və onlardan hazırlanan təbii şirələr də nəfəsi təravətləndirən məhsullar sırasındadır. Sitruslar tüpürcək ifrazını artıraraq ağız boşluğunda bakteriyaların çoxalmasının qarşısını alır və xoşagəlməz qoxunun azalmasına kömək edir.






