"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi İqtisadiyyat Naziriliyinə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliynə (AZPROMO) və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Foodinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Assosiasiyanın İdarə Heyətinin sədri Qadir Yusifov bildirib. Onun sözlərinə görə, müraciətin məqsədi Türkiyənin xurma idxalçıları ilə görüşün təşkil olunmasıdır: "Həmin qurumlar bizə yeni bazarlara, o cümlədən Türkiyə bazarına çıxmaqda köməklik göstərsinlər. Azərbaycanla Türkiyə arasında əldə edilmiş razılığa görə, 15 məhsulun ixracı əlavə dəyər vergisindən (ƏDV) azaddır. Bu məhsulların arasında xurma da var. Yerli ixracatçılara lazım olan əsas məsələ onların Türkiyəli alıcıları ilə əlaqələndirilməsidir. Əks halda ölkələrarası bu razılıq icra edilməyəcək və ancaq sənəd olaraq qalacaq", - deyə o qeyd edib. "Azərbaycan bu günə qədər Türkiyəyə xurma ixrac etməyib. 15 məhsulun ƏDV-dən azad edilməsi xurma ixracını təşviq edə bilər. Hazırda biz əsasən Rusiyaya və digər MDB ölkələrinin bazarlarına xurma ixrac edirik. Rusiyada isə iqtisadi vəziyyət dəyişir. Bir sıra bazarlarda yer almağımız xurma ixracını genişləndirə bilər”, -deyə Q.Yusifov əlavə edib. Bundan başqa, o bildirib ki, bu il Azərbaycanda 200 min tondan çox xurma istehsal ediləcəyi gözlənilir. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 31,8 milyon ABŞ dolları dəyərində 42 min ton xurma ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə çox və 2,3 dəfə çoxdur. Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,3%-ni təşkil edib.