Uzunmüddətli Yeni il tətilləri orqanizmin bioloji saatı üçün ciddi sınaq hesab olunur. Foodinfo.az xəbər verir ki, həkim-somnoloq, professor Roman Buzunov bayram günlərində yuxu rejimini qorumağın və iş qrafikinə daha rahat qayıtmağın yollarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, tətillərin əsas təhlükəsi “sosial jetlaq” adlanan vəziyyətdir. Bu hal vaxt qurşağının dəyişməsinə bənzəyir və insanın yatma, oyanma saatlarının kəskin şəkildə gecikməsi ilə müşahidə olunur. Bayram günlərində insanların adi iş günləri ilə müqayisədə xeyli gec oyanması, sonradan halsızlıq və yuxusuzluq hissinə səbəb olur.

Buzunov tövsiyə edir ki, bayramın ilk iki-üç günündə rejimə ciddi nəzarət etməmək olar. Lakin sonrakı günlərdə oyanma vaxtını adi iş rejimindən maksimum iki saat gec saxlamaq daha məqsədəuyğundur. Bu fərq orqanizm tərəfindən demək olar ki, ağrısız kompensasiya olunur. Əgər yuxu rejimi daha çox pozulubsa və oyanma saatı dörd-altı saat gecikirsə, işə qayıtmadan bir neçə gün əvvəl hər gün bir saat tez durmaqla tədricən normaya qayıtmaq mümkündür.

Somnoloq əlavə edib ki, vaxt az qaldıqda daha sərt, lakin təsirli üsuldan da istifadə edilə bilər. Bu zaman gecə yatmamaq, növbəti günü tam oyaq keçirmək və axşam saatlarında lazımi vaxtda yatmaq məsləhət görülür. Mütəxəssis vurğulayıb ki, bu üsulu ilk iş günündən bir gecə əvvəl deyil, bir neçə gün öncə tətbiq etmək daha təhlükəsiz və effektivdir.