Məktəbdən ac gələn yeniyetmənin evdə borş bişirməsi və ya sobada toyuq qızartması, etiraf etmək lazımdır ki, çox da real görünmür. Amma əgər valideynlər bu yazıda təqdim olunan yeddi asan reseptdən birini soyuducunun üstünə yapışdırsalar, övladlarının ac qalması mümkün deyil. Foodinfo.az Tea.ru saytına istinadla xəbər verir ki, bu yeməklər cəmi bir neçə dəqiqəyə mikrodalğalı sobada hazırlanır və minimum məhsul tələb edir.

1. Şakşuka fincanda
İrlandiyalı aşpaz Cemma Staffordun məşhur “fincan yeməkləri” reseptlərindən biri olan bu variantda yumurta, pomidor pastası və ədviyyatlar qarışdırılaraq fincanda bişirilir. Sobada 4–5 dəqiqəyə hazır olur, üzərinə cəfəri və ya pendir səpmək kifayətdir.

2. Asiya üslubunda əriştə
Asiya mətbəxini sevənlər üçün sadə seçimdir. Əriştə su ilə 2–3 dəqiqə bişirilir, sonra soya sousu, tərəvəz və ya soyuducuda olan istənilən məhsulla qarışdırılaraq yenidən 1–2 dəqiqəlik bişirilir. Üzərinə yaşıl soğan və küncüt əlavə oluna bilər.

3. Mini pizza fincanda
Əgər xəmir açmağa vaxt yoxdursa, fincanda hazırlanan mini pizza ideal variantdır. Fincana az miqdarda xəmir qoyulur, üzərinə tomat pastası, kolbasa, zeytun və pendir əlavə olunur. Mikrodalğalı sobada 5–6 dəqiqəyə bişir.

4. Qızardılmış lavaş – kəsadilya
Əgər evdə lavaş və ya tortilya varsa, bu resept köməyə gəlir. İki lavaş arasına kolbasa, tərəvəz və pendir qoyulur, sobada 1–2 dəqiqə qızardılır. Sürətli və dadlı nahar variantıdır.

5. Fincanda makaron
Əsl italyan karbonarası olmasa da, fincanda bişmiş makaron yeniyetmələr üçün ideal qəlyanaltıdır. Makaron suda bişirilir, sonra üzərinə pomidor, kolbasa və pendir əlavə edilir, sobada bir neçə dəqiqə ərzində pendir əriyir və yemək hazır olur.

6. Paketdə kartof dilimləri
Ən asan variantlardan biri – yalnız kartof və bir polietilen paket kifayətdir. Kartof nazik doğranır, duz, yağ və ədviyyat əlavə olunur, paket bağlanır və 4–5 dəqiqə mikrodalğalı sobada bişirilir.

7. Şokolad-banan keks fincanda
Bu keksin dadı sobada bişmiş tortlardan geri qalmır. Bir banan əzilir, üzərinə yumurta, süd və un əlavə olunur. İstəyə görə içərisinə şokolad parçası və ya zefir (marşmellou) qoymaq olar. Cəmi 3–5 dəqiqəyə hazır olur.

Bu yeddi sadə yemək, həm dadlı, həm də qısa zamanda hazırlanması ilə xüsusilə tək yaşayan və ya valideynsiz evdə qalan gənclər üçün idealdır. Onlar həm yemək bişirməyi öyrənəcək, həm də zərərli fastfuddan uzaq qalacaqlar.