Krab çöpləri bir çoxlarının düşündüyü kimi dəniz xərçəngindən deyil, “surimi” adlanan balıq ətindən hazırlanır. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, bu məhsul əsasən arıq dəniz balıqlarından, xüsusilə də mintaydan əldə edilən incə üyüdülmüş və xüsusi emaldan keçmiş zülal kütləsindən hazırlanır.
Qida üzrə mütəxəssis, dosent Dmitri Bıstrov bildirib ki, krab çöplərinin tərkibinə təkcə balıq əti deyil, həm də nişasta, duz, şəkər, bitki yağları, həm təbii, həm də süni ətirvericilər əlavə olunur. Məhz bu ətirvericilər krab dadını təqlid edir. Məhsulun qırmızı rəngi isə karmin və ya betamin kimi qida boyalarından alınır.
Mütəxəssis qeyd edir ki, krab çöpləri azkalorili, asan bişirilən və ilboyu əlçatan olsa da, tərkibindəki çoxsaylı kimyəvi əlavələr səbəbindən sağlamlıq üçün tam zərərsiz sayılmır. Onların tərkibindəki duz yüksək təzyiqi olan insanlar üçün təhlükə yarada bilər, nişasta və digər doldurucular isə məhsulun qida dəyərini azaldır.
Bıstrovun sözlərinə görə, krab çöplərindəki nişasta həm ümumi zülal miqdarını azaldır, həm də dad və qidalanma dəyərinə mənfi təsir göstərir. Bundan başqa, nişasta qan şəkərinin səviyyəsində dalğalanmalara səbəb olur ki, bu da ikinci tip şəkərli diabet və ya insulinə qarşı həssaslığı olan şəxslər üçün risklidir.
“Krab çöpləri əsl krab deyil, balıq mənşəli məhsuldur. Onları az miqdarda qəbul etmək olar, lakin tez-tez yemək məsləhət görülmür. Ən yaxşısı tərkibində əlavələrin miqdarı az olan məhsulları seçməkdir,” – deyə ekspert bildirib.






