Son illərdə sağlam qidalanma ekspertləri tərəfindən geniş təriflənən və super qidalar siyahısına daxil edilən qoz yağı, beyinin optimal fəaliyyətini dəstəkləyən vacib təbii mənbədir. Foodinfo.az xəbər verir ki, bu yağ zəngin omeqa-3 yağ turşuları ilə beyin hüceyrələrinin yenilənməsini və sinir sisteminin balansını təmin edir.

Mütəxəssislər qeyd edirlər ki, gündəlik yalnız 1 çay qaşığı qoz yağı qəbul etmək yaddaşın güclənməsində və kognitiv funksiyaların yaxşılaşmasında mühüm rol oynayır. Xüsusilə uşaqların beyin inkişafı və yaşlıların yaddaşın qorunması üçün qoz yağı əvəzsiz fayda verir.

Qoz yağının tərkibindəki E vitamini güclü antioksidant kimi hüceyrə zədələnməsinin qarşısını alır, orqanizmin yaşlanma prosesini ləngidir və sinir toxumasını qoruyur. Bundan əlavə, dərinin elastikliyini artıraraq onun sağlam və parlaq görünməsinə dəstək olur.

Qoz yağı həm də ürək-damar sağlamlığını gücləndirir. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərdiyi müxtəlif elmi araşdırmalarda sübut olunub. Bu yağ qan dövranını yaxşılaşdırır, xolesterol səviyyəsini tənzimləyir və ürək xəstəliklərinin riskini azaldır.

Gündəlik qida rasionunda, xüsusilə salatlarda və ya təbii qarışıqlarda əlavə edildikdə həm dadını zənginləşdirir, həm də orqanizm üçün əvəzolunmaz faydalar yaradır. Təbii və qatqısız olması ilə fərqlənən qoz yağı sağlam həyat tərzi sürmək istəyənlərin menyusunun ayrılmaz hissəsinə çevrilməlidir.