
Qoz-fındıq sağlam qidalanmada ən dəyərli məhsullardan biridir. Onlar orqanizmi zülal, lif və faydalı yağlarla təmin edir, uzunmüddətli sağlamlığı dəstəkləyir və ürək-damar sisteminə müsbət təsir göstərir. Foodinfo.az xəbər verir ki, Sterlegrad.ru-ya danışan ABŞ-dan olan diyetoloqlar Qreys Kingsvell və Emma Derbişir qoz-fındığın faydalarını açıqlayıblar.
Kingsvell bildirib ki, qoz-fındıq yüksək kalorili olsa da, digər yağlı qidalar kimi artıq çəkiyə səbəb olmur. Bu, orqanizmin qoz-fındıqdakı bütün kaloriləri tam mənimsəməməsi ilə bağlıdır.
Bundan əlavə, Redinq Universitetinin apardığı tədqiqat göstərib ki, hər gün 50 qram qoz-fındıq yeyən şəxslər beynin fəaliyyətini yaxşılaşdırır. İştirakçılar diqqət və reaksiyanı ölçən testlərdə daha yaxşı nəticələr göstəriblər. Bu, qoz-fındığın yaddaşı gücləndirdiyini və beyin sağlamlığını qoruduğunu sübut edir.
Derbişir həmçinin qoz-fındığın reproduktiv sağlamlığa təsirinə diqqət çəkib. İspaniyada aparılmış klinik tədqiqat göstərib ki, gündəlik iki ovuc qarışıq qoz-fındıq istehlakı 14 həftə ərzində kişilərdə sperm sayını, hərəkətliliyini və morfologiyasını yaxşılaşdırır. Qadınlar üçün isə qoz-fındığın rasiona daxil edilməsi hamilə qalmaq şansını artırır. Bu, omqa-3 yağ turşuları və selendən qaynaqlanır, hansılar ki, hormon balansına kömək edir.
Mütəxəssislər vurğulayıblar ki, hər növ qoz-fındıq bədənə fərqli təsir göstərir. Məsələn, qoz yüksək miqdarda omega-3 tərkibli olduğundan beynin sağlamlığını qoruyur və Alzheimer xəstəliyi ilə insult riskini azaldır. Braziliya qozu selendən zəngindir və qalxanvari vəzin sağlamlığını dəstəkləyir. Badem isə yüksək E vitamini sayəsində bağırsaq və ürək fəaliyyətini yaxşılaşdırır.
Eyni zamanda, diyetoloqlar emal olunmuş məhsullara – məsələn, qoz-fındıq pastaları və yağlarına ehtiyatla yanaşmağı tövsiyə edirlər. Çünki bu məhsullara əlavə şəkər və duz əlavə olunur və qoz-fındığın faydalı xüsusiyyətləri bu zaman itir.
Beləliklə, gündəlik qoz-fındıq istehlakı həm yaddaşı gücləndirir, həm ürək-damar sistemini qoruyur, həm də reproduktiv sağlamlığı dəstəkləyir. Mütəxəssislər təbii, emal olunmamış qoz-fındığın istifadəsini tövsiyə edirlər ki, onun faydaları maksimum şəkildə qorunsun.