Soyuq aylarda təzə tərəvəz və göyərti tapmaq çətinləşir, bu isə orqanizmin vitamin ehtiyacını ödəməyi müşkülə çevirir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər aptek vitaminlərini əvəz edə bilən, dondurulduqda da faydasını itirməyən beş təbii məhsulu açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, qışa hazırlaşarkən yalnız giləmeyvə və bibər deyil, çox vaxt unudulan, lakin olduqca faydalı digər məhsulları da dondurmaq lazımdır. Rusiyanın “Nord-news.ru” portalına danışan qida eksperti bildirib ki, bu sadə üsul həm menyunu zənginləşdirir, həm də soyuq mövsümdə immuniteti gücləndirməyə kömək edir.

Gavəl və gicitkən – yazda bol olan bu iki göyərtini qışda bazarda tapmaq çətindir. Halbuki onlardan vitaminlə zəngin sup bişirmək və yay dadını xatırlamaq mümkündür. Onları yuyub doğramaq, porsiyalarla paketlərə bölüb dondurmaq kifayətdir. Qışda sadəcə çıxarıb yeməyə əlavə etmək qalır.

Sarımsaq cücərtiləri – tərəvəz və ət yeməklərinə, souslara və sıyıqlara xüsusi dad qatan bu ətirli hissələr qışda da öz təravətini saxlayır. Sadəcə doğrayıb dondurucuya qoymaqla onları bütün mövsüm istifadə etmək mümkündür.

Nanə – qurudulduqda ətrini itirsə də, dondurulduqda həm qoxusunu, həm də faydalı maddələrini qoruyur. Kiçik paketlərə bölərək dondurmaq və qışda ətirli çay dəmləmək asandır.

Qabaq – rəndələnmiş halda dondurulduqda forması dəyişmir və “rezin” kimi olmur. O, qışda kotletlər, tərəvəz yeməkləri, ikra və suplar üçün ideal seçim sayılır.

Pomidor – bərk və ətli növlər seçilsə, onlar dondurulduqdan sonra da çatlamır və dadını saxlayır. Qışda yumurta yeməkləri, sup və bişirilmiş tərəvəzlər üçün mükəmməl tərkib hissəsidir.

Mütəxəssis vurğulayır ki, bu sadə hazırlıqlar sayəsində həm vaxtı qənaət etmək, həm də aptek vitaminlərinə ehtiyac qalmadan qışı sağlam və enerjili keçirmək mümkündür. Təbii məhsullar dondurulduqda belə qida dəyərini itirmir və orqanizmin ehtiyac duyduğu maddələri təmin edir.