Gün ərzində enerjinin azalması və diqqətin zəifləməsi bir çox insanın üzləşdiyi problemdir və bu halda düzgün içki seçimi böyük rol oynaya bilər. Bəzi təbii içkilər həm zehni fəaliyyəti gücləndirir, həm də orqanizmi daha gümrah edir.
Foodinfo.az Moskva 24 saytına istinadla xəbər verir ki, dietoloq, tibb elmləri namizədi Darya Rusakova mate çayı və kakaonun iş qabiliyyətini artırmağa kömək etdiyini bildirib.

Onun sözlərinə görə, mate çayının tərkibində olan xüsusi maddələr mərkəzi sinir sistemini stimullaşdırır və yorğunluq hissini azaldır. Kakao isə təbii toz şəklində istifadə edildikdə beyin qan dövranını yaxşılaşdırır, eyni zamanda əhval-ruhiyyəni yüksəldən hormonların ifrazını dəstəkləyir.

Mütəxəssis əlavə edib ki, jenşen tərkibli içkilər də diqqəti artırır və stressi azaltmağa kömək edir. Bununla yanaşı, gün ərzində kifayət qədər su içmək beyin funksiyalarının normal işləməsi üçün vacib şərt hesab olunur. Bu səbəbdən sağlam və balanslı maye qəbulu gündəlik rejimin ayrılmaz hissəsi olmalıdır.