Son illərdə yulaf südü inək südünə alternativ kimi getdikcə daha çox populyarlıq qazanır. Xüsusilə sağlam qidalanmaya üstünlük verənlər və laktoza həssaslığı olan insanlar bu məhsula maraq göstərir. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, yulaf südü faydalı xüsusiyyətlərlə yanaşı, bəzi məhdudiyyətlərə də malikdir.

Yulaf südü bitki mənşəli zülallar, B qrupu vitaminləri, D vitamini, dəmir və sinklə zəngin olur. Tərkibində xolesterin demək olar ki, yoxdur və yağ miqdarı aşağıdır. Bu xüsusiyyətlər onu ürək-damar sağlamlığı üçün daha uyğun seçimə çevirir. Eyni zamanda, laktoza dözümsüzlüyü olanlar və vegetarian həyat tərzi keçirənlər üçün yaxşı alternativ hesab olunur.

Bununla belə, yulaf südünün bəzi mənfi tərəfləri də var. Tərkibində olan fitin turşusu bəzi mineralların mənimsənilməsini azalda bilər. Bundan əlavə, heyvan mənşəli südlə müqayisədə B12 vitamini azdır və qida dəyəri baxımından daha az doyumludur. Bəzi insanlarda bağırsaq narahatlığı yarada bilər və müəyyən xəstəlikləri olan şəxslər üçün uyğun olmaya bilər.

Mütəxəssislər bildirir ki, yulaf südü rasiona əlavə kimi istifadə oluna bilər, lakin xüsusilə uşaqlar üçün tam süd əvəzedicisi kimi qəbul edilməməlidir. Onu istifadə etməzdən əvvəl fərdi sağlamlıq vəziyyətini nəzərə almaq və lazım gələrsə, həkimlə məsləhətləşmək vacibdir.