Karambola — digər adı ilə ulduz meyvəsi — tropik iqlimlərdə yetişən, həm görünüşü, həm də tərkibi ilə diqqət çəkən ekzotik bir meyvədir. Kəsildikdə ulduz şəklini alması səbəbindən “ulduz meyvəsi” adlanır.

Foodinfo.az xəbər verir ki, karambola əsasən Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya, Hindistan, Filippin və Tailand kimi ölkələrdə yetişdirilir. Meyvənin qabığı nazik, parlaq sarı və ya yaşıl rəngdə olur, içi isə şirəli və bir qədər turşməzə dad verir.

Bu meyvə C vitamini, lif, kalium, maqnezium və antioksidantlarla zəngindir. C vitamini sayəsində immun sistemini gücləndirir, soyuqdəymə və infeksiyalara qarşı orqanizmin müqavimətini artırır. Lif tərkibi həzm sistemini dəstəkləyir və bağırsaqların fəaliyyətini tənzimləyir.

Karambola həmçinin az kalorilidir, buna görə arıqlamaq istəyənlər üçün ideal qidadır. Tərkibindəki antioksidantlar bədəni sərbəst radikallardan qoruyur, dərinin sağlam və gənc qalmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, karambola həm qan təzyiqini sabit saxlayır, həm də xolesterinin normallaşmasına yardım edir. Lakin diqqət edilməli bir məqam var: bu meyvə oksalat adlı maddə ilə zəngindir. Buna görə böyrək xəstəliyi olan şəxslərə karambolanı yemək tövsiyə edilmir, çünki oksalat böyrək daşlarının yaranmasına səbəb ola bilər.