Qaraciyərin sağlamlığı üçün bəzən ən təsirli vasitə dərman deyil, sadəcə bir stəkan təbii turp suyu ola bilər. Foodinfo.az xəbər verir ki, turp suyu tərkibindəki glukozinolatlar və güclü antioksidantlar sayəsində qaraciyərin detoks funksiyalarını aktivləşdirir və orqanizmdə yığılan zərərli maddələrin bədəndən atılmasına yardım edir.

ABŞ-ın məşhur tibbi platforması WebMD-də dərc olunan araşdırmada qeyd olunur ki, turp orqanizmdə sərbəst radikallarla mübarizə aparır, qaraciyər hüceyrələrini oksidativ stressdən qoruyur və bədənin təbii təmizlənmə mexanizmini gücləndirir. Turp suyunun tərkibindəki bioaktiv maddələr öd ifrazını artırır və bu da qaraciyərin daha effektiv işləməsinə səbəb olur.

Amerikalı dietoloq Dr. Lisa Richards bildirir ki, turp suyu həm qaraciyərin funksiyasını dəstəkləyir, həm də bədənin təbii detoks sistemini stimullaşdırır. Onun sözlərinə görə, müntəzəm şəkildə turp suyu içmək orqanizmdəki toksinlərin atılmasına, enerji səviyyəsinin artmasına və ümumi sağlamlığın yaxşılaşmasına yardım edir. Bundan əlavə, turp suyu bağırsaq fəaliyyətini də tənzimləyir, qəbizlik və həzm pozğunluğu kimi problemlərin qarşısını alır. Araşdırmalar göstərir ki, turp suyu mədə-bağırsaq traktının mikroflorasını dəstəkləyir və sağlam həzm mühitinin formalaşmasına kömək edir.

Bütün bu faydalarına baxmayaraq, mütəxəssislər turp suyunun həddindən artıq qəbulunun mədə turşuluğunu artıra biləcəyini və həssas mədəsi olan insanlarda narahatlıq yarada biləcəyini vurğulayır. Ona görə də, bu içkini gündəlik rasiona daxil edərkən mütləq ölçülü və müntəzəm istehlaka diqqət edilməlidir. Turp suyunun təbii gücü sayəsində bədən öz təmizlənmə qabiliyyətini artırır və uzunmüddətli sağlamlıq üçün möhkəm baza yaranır.