Payız aylarında günlərin qısalması və səhərlərin qaranlıq başlaması bir çox insan üçün oyanmağı çətinləşdirir. Lakin həkimlər bildirirlər ki, qəfil və kəskin oyanmaq sağlamlıq üçün ciddi risk daşıya bilər. Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya bu mövzu ilə bağlı vacib açıqlamalar verib.

Mütəxəssisin sözlərinə görə, birdən-birə, səsli siqnal altında oyanış orqanizm üçün güclü stress hesab olunur. Əgər beyin yuxunun ləng fazasından zorla oyadılarsa, orqanizmdə kortizol və adrenalin hormonlarının kəskin ifrazı baş verir. Nəticədə ürəkdöyünmənin sürətlənməsi, qan təzyiqinin qalxması və narahatlıq hissi yaranır.

Daimi olaraq belə qəfil oyanışlar insanlarda xroniki əsəbilik, yorğunluq və diqqət problemlərinə gətirib çıxara bilər. Bu hal xüsusilə ürək-damar xəstəlikləri, yüksək təzyiq və miqrendən əziyyət çəkənlər üçün təhlükəlidir, çünki qəfil təzyiq sıçrayışı onların vəziyyətini daha da ağırlaşdıra bilər.

Demyanovskaya qeyd edib ki, bu riskləri minimuma endirmək mümkündür. Bunun üçün ən yaxşı üsullardan biri işıqlı budilniklərdən istifadədir. Bu qurğular günəşin çıxışını imitasiya edir və işığın tədricən artması ilə beyni yuxudan yumşaq şəkildə oyadır.

Digər tövsiyə olunan vasitə isə “ağıllı biləkliklər”dir. Belə cihazlar yuxu fazalarını izləyir və insanı məhz yüngül yuxu mərhələsində oyadır. Bu zaman oyanış daha rahat olur və orqanizm stress yaşamır.

Nevroloq həmçinin xəbərdarlıq edib ki, oyanış səsi də çox önəmlidir. Çox kəskin və səs-küylü siqnallar stressi artırır, əvəzində isə melodik və yumşaq səslər günə daha rahat başlamağa imkan verir.

Ekspertin məsləhətlərindən biri də “5 dəqiqə qaydası”dır. Yəni, oyandıqdan dərhal yataqdan qalxmamaq, əvvəlcə bir neçə dəfə dərindən nəfəs almaq, bədəni dartmaq və yalnız sonra asta-asta oturmaq lazımdır. Bu, qan dövranının normallaşmasına kömək edir və başgicəllənmənin qarşısını alır.

Demyanovskaya vurğulayıb ki, səhər saatları insanın gün ərzində əhvalına və enerjisinə ciddi təsir göstərir. Buna görə də oyanışın tərzi düzgün seçilərsə, həm zehni, həm də fiziki sağlamlıq qorunmuş olar.