
Payız mövsümü ilə birlikdə insanlarda yorğunluq, diqqət dağınıqlığı və yaddaş zəifləməsi daha çox müşahidə olunur. Bu halların qarşısını almağın ən yaxşı yollarından biri düzgün qidalanmadır. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, terapevt və qidalanma mütəxəssisi Yelena Manovska beynin sağlam qalması üçün faydalı məhsullar barədə tövsiyələr verib.
Mütəxəssisin sözlərinə görə, aydın zehni və güclü yaddaşı qorumaq üçün orqanizm mütləq şəkildə omega-3 yağ turşuları, B qrupu vitaminləri, maqnezium və antioksidantlarla təmin edilməlidir. Bu maddələr beyinin fəaliyyətini dəstəkləyir, hüceyrələri oksidləşmədən qoruyur və ümumi enerji balansını yaxşılaşdırır.
Manovska xüsusilə yağlı dəniz balıqlarını – qızılbalıq (losos), skumbriya və ya sardinanı daha tez-tez rasiona daxil etməyi məsləhət görüb. Bu balıqlar tərkibindəki omega-3 yağ turşuları sayəsində sinir sistemini gücləndirir, diqqət və yaddaşı yaxşılaşdırır. Onların müntəzəm istifadəsi həm də ürək-damar sağlamlığı üçün faydalıdır.
Balıqla yanaşı, mütəxəssis qoz, badam və kətan toxumlarını da menyuya əlavə etməyi tövsiyə edir. Bu məhsullar maqnezium və E vitamini ilə zəngindir və beyindəki hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Yarpaqlı tərəvəzlər – xüsusilə ispanaq və rukola – payız rasionunda mühüm yer tutmalıdır. Onların tərkibindəki fol turşusu və B qrupu vitaminləri sinir sistemini sabitləşdirir, diqqət dağınıqlığının azalmasına kömək edir.
Manovskanın sözlərinə görə, həmçinin giləmeyvələr – yabanı zoğal, qaragilə və qızılcık də beyin üçün əvəzolunmazdır. Onlar flovanoid adlı antioksidantlarla zəngindir, qan dövranını yaxşılaşdırır və idrak funksiyalarını gücləndirir.
Maraqlı tövsiyələrdən biri də tünd şokoladla bağlıdır. Yüksək kakao tərkibli keyfiyyətli şokolad sinir sisteminə yumşaq stimullaşdırıcı təsir göstərir, diqqəti artırır və əhvalı yaxşılaşdırır. Əlbəttə, onu kiçik porsiyada qəbul etmək tövsiyə olunur.
Mütəxəssis qeyd edir ki, payız aylarında düzgün qidalanma yalnız beyin üçün deyil, ümumi immunitet və enerji balansı üçün də vacibdir. Zəngin vitamin və minerallarla dolu rasion soyuq aylarda orqanizmin müqavimətini artırır.
Beləliklə, aydın düşüncə, yaxşı yaddaş və yüksək diqqət üçün rasionda balıq, qoz-fındıq, yarpaqlı tərəvəzlər, giləmeyvə və az miqdarda tünd şokoladın olması ən yaxşı seçim hesab olunur. Əsas qayda – bu məhsulları müntəzəm və ölçülü şəkildə istifadə etməkdir.