Zəfəran həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi dünyanın ən dəyərli bitkilərindən biridir. “Qızıl ədviyyat” adlandırılan zəfəran təkcə yeməklərə xoş ətir və rəng vermir, həm də sağlamlığa çoxsaylı müsbət təsirləri ilə seçilir.

Foodinfo.az xəbər verir ki, zəfəranın tərkibində krokin, krosin, safranal və pikonin kimi bioaktiv maddələr var. Bu birləşmələr güclü antioksidant xüsusiyyətə malikdir və orqanizmdə iltihabı azaldır, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

Mütəxəssislərin sözlərinə görə, zəfəran sinir sistemini sakitləşdirir, stress və narahatlığı azaldır. 

Onun xoş ətirli komponentləri beyində serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Buna görə də zəfəran çayı yuxusuzluq, depressiya və gərginlik zamanı təbii rahatladıcı vasitə kimi tövsiyə olunur.

Zəfəran həmçinin ürək-damar sağlamlığı üçün faydalıdır. Tərkibindəki antioksidantlar damar divarlarını möhkəmləndirir, xolesterin səviyyəsini tənzimləyir və qan dövranını yaxşılaşdırır. Bu xüsusiyyətlər ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

Tədqiqatlar göstərir ki, zəfəran göz sağlamlığını da qoruyur. Onun tərkibindəki krokin maddəsi göz torluğundakı hüceyrələrin bərpasını sürətləndirir və yaşa bağlı görmə zəifləməsinin qarşısını almağa kömək edir.

Qadınlar üçün zəfəran menstrual ağrıları azaldır, hormonal tarazlığı tənzimləyir və dərinin parlaqlığını artırır. O, həmçinin həzm sistemini tənzimləyir, iştahanı artırır və bədəni toksinlərdən təmizləyir.

Bununla belə, zəfəran çox güclü təsirə malikdir, ona görə də həddindən artıq istifadə etmək təhlükəlidir. Gündəlik qəbul miqdarı 0,5–1 qramdan artıq olmamalıdır. Hamilə qadınlara isə zəfəranı ehtiyatla istifadə etmək məsləhət görülür.