Yanvar ayının ilk günlərindən ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunub. Ölkədə epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Yanvar ayı ərzində ölkə ərazisində qarayara xəstəliyinə qarşı 140633 baş iribuynuzlu, 49477 baş təkdırnaqlı, 827 baş donuzlarda, quduzluq xəstəliyinə qarşı 112232 baş ev itlərində, nyukasıl xəstəliyinə qarşı 1695761 baş quşda “H” vaksini, 2072878 baş quşda isə “La-sota” vaksini ilə profilaktik peyvəndləmə aparılmış, bruselyoza görə 162753 baş iribuynuzlu heyvan seroloji müayinəyə cəlb edilib. Həmçinin yanvar ayı ərzində baytarlıq mütəxəssisləri 105 baş dəvədə, 111798 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə, 250 baş atda rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndləmə, 5159 baş atda manqo xəstəliyinə görə diaqnostik müayinələr aparılıb. Heyvanlara tətbiq edilmiş baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir. (Publika.az)