
Fıstıq dadlı qəlyanaltı olmaqla yanaşı, sağlamlıq üçün də bir sıra üstünlüklərə malikdir. Foodinfo.az xəbər verir ki, dietoloq Olqa Redina fıstığın lif və sağlam yağlarla zəngin olduğunu, eyni zamanda yüksək kalorili məhsul olduğunu bildirib. Onun sözlərinə görə, fıstıqdan çox yemək artıq çəkiyə səbəb ola bilər, buna görə gündə 30–50 qram qəbul kifayət edir.
Mütəxəssis əlavə edib ki, fıstıq həmçinin A, E və B qrupu vitaminləri, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Bu səbəbdən o, immun sistemini gücləndirir, ürək-damar xəstəliklərinin riskini azaldır və orqanizmi möhkəmləndirir.
Lakin Redinanın sözlərinə görə, fıstıq hər kəs üçün uyğun deyil. Qoz-fındıq allergiyası olanlara qadağandır, həmçinin mədə turşuluğu yüksək olan və ya digər mədə-bağırsaq problemləri yaşayan insanlarda istifadəsi minimuma endirilməlidir.
Maraqlı məqamlardan biri isə fıstığın yuxuya təsiridir. Onun tərkibində melatonin var və bu, bəzi insanlarda yuxunu yaxşılaşdırır. Amma hər kəsdə təsiri eyni olmur, bəzilərində isə yuxu ritmini poza bilər.
Mütəxəssis vurğulayıb ki, fıstıq düzgün porsiyada qəbul edildikdə həm sağlam qəlyanaltı, həm də orqanizm üçün faydalı qida ola bilər.