Arıqlamaq istəyənlər üçün düzgün qidalanma ilə yanaşı, bədənin təbii şəkildə yağları parçalama prosesini sürətləndirən bəzi məhsullar da var. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, məşqçi-diyetoloq Olqa Yablokova yağ yandırılmasına kömək edən ən təsirli beş qidanı açıqlayıb.

Mütəxəssis bildirib ki, arıqlama yalnız qidalanma ilə məhdudlaşmamalıdır – burada müntəzəm hərəkət, sağlam yuxu və stressin azaldılması da əsas amillərdir. Onun sözlərinə görə, “möcüzəvi” məhsullar yoxdur, lakin bəzi təbii qidalar bu prosesi gücləndirə bilər.

Yablokova vurğulayıb ki, dəniz yosunları, xüsusən də qəhvəyi növləri, tərkibindəki fukoksantin maddəsi sayəsində bədəndə istilik əmələ gəlməsini artırır və bu da yağ ehtiyatlarının parçalanmasına yardım edir.

İkinci sırada qırmızı ət, xüsusilə də mal əti dayanır. Bu məhsul L-karnitinlə zəngindir – həmin maddə yağ turşularını hüceyrələrə daşıyaraq onları enerji mənbəyinə çevirir.

Diyetoloq həmçinin zəncəfil, kefirhil (kardamon) kimi məhsulların da yağların parçalanmasına müsbət təsir göstərdiyini bildirib. Zəncəfil orqanizmdə maddələr mübadiləsini və qan dövranını aktivləşdirir, bu da yağların əriməsini sürətləndirir.

Onun sözlərinə görə, kefirin tərkibindəki Lactobacillus gasseri adlı faydalı bakteriyalar iştahanı tənzimləyir və bədənin yağ yandırma qabiliyyətini artırır.

Hil isə təbii ədviyyə kimi maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır və enerjinin daha səmərəli istifadə olunmasına kömək edir. Bu səbəbdən o, tez-tez “təbii yağ yandırıcı” adlandırılır.

Mütəxəssis nəticə olaraq bildirib ki, arıqlamaq istəyənlər üçün əsas məsələ pəhrizin balanslı olması, düzgün yuxu rejimi və fiziki aktivliyin saxlanılmasıdır. Bu sadalanan məhsullar isə prosesi dəstəkləyən sağlam əlavələr rolunu oynaya bilər.