Beynin bioloji yaşdan daha sürətlə qocaldığını gündəlik həyatda müşahidə edilən bəzi əlamətlər vasitəsilə müəyyən etmək mümkündür. Foodinfo.az “NEWS.ru” saytına istinadla xəbər verir ki, bu barədə tanınmış nevroloq Dərya Uludüz danışıb.

Mütəxəssisin sözlərinə görə, insanın fiziki yaşı ilə beyin yaşı həmişə eyni olmaya bilər. Həyat tərzi, stress, yuxu rejimi, qidalanma vərdişləri və intellektual fəaliyyət beynin bioloji vəziyyətinə birbaşa təsir göstərir. Əgər beyin yetərincə stimullaşdırılmırsa, onun funksiyaları daha tez zəifləməyə başlayır.

Həkim bildirib ki, beyinin bioloji yaşdan daha qoca olduğunu göstərən beş əsas əlamət var. Əgər insan bu əlamətlərin ən az üçü ilə qarşılaşırsa, deməli, onun beyni normaldan daha tez qocalır.

Birinci əlamət — “dilinin ucunda qalmaq” hissidir. Yəni insan bildiyi sözü xatırlaya bilmir, danışarkən fikrini tam ifadə etməkdə çətinlik çəkir. Bu, yaddaş zəifliyinin ilkin göstəricisi sayılır.

İkinci əlamət — öyrənməkdə çətinlikdir. Əgər insan yeni bilik və bacarıqları mənimsəməkdə, yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkirsə, bu, beyin fəaliyyətinin zəifləməsinə işarədir.

Üçüncü əlamət — daimi yorğunluq və halsızlıq hissidir. Belə insanlar səhər oyanan kimi özlərini sanki bütün günü işləyiblərmiş kimi hiss edirlər.

Dördüncü əlamət — çox işlə məşğul ola bilməmək, yəni diqqətin tez yayınmasıdır. İnsan eyni anda iki iş görməkdə çətinlik çəkir, konsentrasiya zəifləyir.

Beşinci əlamət isə artmış unutqanlıqdır. İnsan tez-tez vacib görüşləri, planları və ya əşyaların yerini unudur.

Dərya Uludüz qeyd edib ki, bu test yalnız şərti qiymətləndirmə üsuludur və həkim diaqnozu əvəz etmir. Lakin bu əlamətlər tez-tez özünü göstərirsə, bu, artıq beynin köhnəlməsi prosesinin başlanğıcı ola bilər.

Nevroloq insanların beyin sağlamlığını qorumaq üçün zehni aktivliyi artırmağı, yaxşı yuxu rejimini qorumağı, faydalı qidalarla qidalanmağıdaimi fiziki hərəkət etməyi məsləhət görüb. O, həmçinin stressin, siqaret və alkoqolun beyinə ciddi zərər vurduğunu xatırladıb.

Mütəxəssis əlavə edib ki, yaddaş məşqləri, kitab oxumaq, yeni dillər öyrənmək və sosial əlaqələrin qorunması beyini gənc saxlamağın ən təsirli üsullarındandır.