Səhər yeməyində bəzən sadəcə çay və ya qəhvə kifayət etmir, daha doyumlu və enerji verən yeməklərə ehtiyac yaranır. Belə hallarda İtaliya mətbəxinin məşhur yeməyi olan frittata əla seçimdir. Bu yemək həm tavada, həm də sobada asanlıqla hazırlanır və müxtəlif ərzaqlarla zənginləşdirilə bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, frittata üçün lazım olan əsas ərzaqlar yumurta, vetçina, qaynadılmış kartof, soğan, şirin bibər və pendirdir. Əvvəlcə soğan yarımhalqa şəklində, bibər isə xırda doğranır. Vetçina kub formasında kəsilir, kartof isə əvvəlcədən bişirilərək doğranır, pendir isə sürtgəcdən keçirilir.

Yumurtalar dərin qabda duz, qara istiot, paprika və qurudulmuş ədviyyələrlə birlikdə çalınır. Daha sonra vetçina əlavə olunur. Tavada əvvəlcə soğan, sonra bibər və kartof qısa müddətdə qızardılır. Hazırlanmış qarışıq soba qabına yerləşdirilir, üzərinə yumurtalı məhlul tökülür və pendir səpilir. 190 dərəcədə təxminən 15 dəqiqə bişirilən frittata hazır olduqdan sonra süfrəyə təqdim edilir.

Bu yeməyi zövqə uyğun olaraq göbələk, brokkoli və ya müxtəlif növ pendirlərlə də hazırlamaq mümkündür. Frittata həm dadlı, həm də doyumlu səhər yeməyi üçün ideal seçim sayılır.